5 mart  Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun 80 illiyi münasibəti ilə "Qorxma, mən səninləyəm!" (Yuli Qusmanın eyniadlı filmi əsasında) tamaşası nümayiş olundu.

Nümayişdən əvvəl tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyev jurnalistlərə tamaşa ilə bağlı açıqlama verib: “Biz teatrda daha əvvəl fərqli quruluşda hazırlanan eyniadlı tamaşanı tanınmış rejissor və ictimai xadim, 60-cı illərin KVN komandasının məşhur kapitanı, Xalq artisti Yuli Solomonoviç Qusmanın da 80 illik yubileyi münasibətilə göstərmişik. Əminəm ki, bu səhnə əsəri də tamaşaçıların müsbət rəyini qazanacaq”.

Tamaşanın bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru isə teatrın baş rejissoru Cavid İmamverdiyevdir. Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nahidə Orucova, Şövqi Hüseynov, Almaz Ələsgərova, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Elçin İmanov, Ülviyyə Əliyeva, Eleonora Mustafayeva, Nicat Əli, Leonid Klets, Fərid Rzayev, Telli Hüseynova, Təranə Əliyeva, Əli Kərimov, Murad Əliyev, eləcə də teatrın xor və balet truppasının artistləri iştirak edir.

Gecəni Polad Bülbüloğlu yekunlaşdıraraq tamaşanın rejissoru Cavid İmamverdiyevə, teatrın direktoru Əliqismət Lalayevə, tamaşanın aktyorlarına, dirijoruna və orkestrə təşəkkürünü bildirib.

Tamaşanın növbəti nümayişi 11 və 12 mart baş tutacaq. Polad Bülbüloğlunun sehrli musiqiləri ilə unudulmaz anlar yaşamaq istəyənlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket .az" saytından əldə edə bilərlər.

.