"Qarabağ" 60 dəqiqə sakit oynadı, sonra gözlənilmədən səhvə yol verdilər. Amma nəticə hələ də inanılmazdır.
Bu fikirləri "Qarabağ"ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov Azərbaycan təmsilçisinin Almaniyanın "Bayer 04" klubuna qarşı keçirdiyi Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu barədə "RB Sport"a açıqlamasında deyib.
O, qarşılaşmadan sonra rusiyalı qolkiperin əhval-ruhiyyəsinin pis olmadığını söyləyib: "Dərin kədər yoxdur. Həyat davam edir, qarşıda cavab matçı da var. İndi emosiyalar səngiyib, növbəti qarşılaşmalara hazırlaşmalıyıq, qrafik sıxdır".
Qeyd edək ki, "Qarabağ" - "Bayer 04" görüşü heç-heçə yekunlaşıb - 2:2. Cavab oyunu martın 14-də Leverkuzendə gerçəkləşəcək. Lunyov cari mövsüm "köhlən atlar"ın heyətində 25 matçda meydanda olub.
.