Fransanın "Strasburq" klubu Azərbaycanın U-16 millisinin və "Qarabağ"ın futbolçusu Əli Bəşirovun performansını bəyənib.
Bunu "Report"a açıqlamasında Ağdam klubunun akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.
Mütəxəssis prosesin gedişatı barədə danışıb:
"Bizə futbolçunun keyfiyyətləri barədə atletik performans testlərini göndərdilər. Ümumilikdə futbolçumuzun oyunu onları qane edib, performansını bəyəniblər. Amma prosesi necə davam etdirəcəyimiz bəlli deyil, çünki danışıqlar hələ başlamayıb. Oyunçunun 16 yaşı olduğu üçün keçidin necə reallaşacağı bilinmir, çünki ortada FIFA-nın qaydaları var. Klublar arasında mütləq danışıqlar aparılmalıdır. Onun Fransaya getmək ehtimalı var. Lakin bu, rəsmi müzakirələrdən asılı olacaq".
Qeyd edək ki, Əli Bəşirov Fransanın "Strasburq" klubunda keçirdiyi iki həftəlik təcrübə proqramını başa vurub. 16 yaşlı futbolçu təcrübə müddətində klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.
.
