"Qarabağ" futbol klubu əcnəbi qapıçı axtarışlarına başlayıb.
Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, səbəb komandanın iki əsas qolkiperi - Şahrudin Məhəmmədəliyev və Emil Balayevin əməliyyat olunmalarıdır.
Komandanı Azərbaycan Premyer Liqası, ölkə kuboku və UEFA Konfrans Liqasında çox çətin qrafikin gözlədiyini nəzərə alan rəhbərlik yeni qapıçı axtarışına zərurət görüb. Hazırda uyğun variantlara baxılır. Qısa müddətli və ya mövsümün sonunadək icarə, yaxud şərtlər münasib olarsa, müqavilə bağlanılması planlaşdırılır.
Münasib qapıçı tapıldıqda ona təklif göndəriləcək.
Qeyd edək ki, Emil Balayev Almaniyada qarın nahiyəsindən, Şahrudin Məhəmmədəliyev Türkiyədə sağ qolundan əməliyyat olunub. Balayevin 2022-ci il yanvarın ortalarında, Məhəmmədəliyev isə 2,5 ay sonra yaşıl meydanlara dönəcəkləri gözlənilir.
.