"Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə ilk baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən iclasda ittiham aktı elan olunub.
İttihama görə, 2023-cü ildə avqustun 15-də yol hərəkəti qaydasının 37-ci maddəsini pozub. Nicat Şakirlinin idarə etdiyi “Porsche Panamera” markalı avtomobil ilə sürət həddi 70 km/saat olan yolda 100/110 km/saat sürətlə idarə edib.
O hərəkətdə olarkən “Kia Rio” markalı avtomobili soldanötmə əməliyyatı həyata keçirmək istəyərkən son anda yolun daralması nəticəsində yolun sağ istiqamətinə keçib. Bu zaman isə həmin yolla hərəkətdə olan yük maşınına çırpılıb.
Hadisə Ruslan Məmmədovun ölümünə səbəb olub.
Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Nicat Şakirlinin təqsiri sübuta yetirilərsə, 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Təqsirləndirilən Nicat Şakirli özünü təqsirli bilir.
Daha sonra təqsirləndirilən şəxs Nicat Şakirli ifadə verib. O, hadisəni xatırlamadığını bildirib: "Nərimanovda oturmuşduq. "Okey" oynayırdıq. Sonra sıxıldıq. Dedim dur gedək gəzək. Mərhumla ikimiz çıxdıq. Maşınla gəzirdik. Mən evə gedib paltarımı dəyişmək istəyirdim. Sonradan yenidən mərhumun yanına qayıdası oldum. Mərhumun pulqabısı maşınında qalmışdı. Maşını da Xətaidə idi. Hadisədən 1-2 saat qabağı xatırlayıram. Sonra nə olduğunu videoya baxıb bildim. Heç nəyi xatırlamıram. Hadisə zamanı içkili olmamışam. Mərhum da içməyə qoymazdı. Mənə qaranlıq olan şey odur ki, hadisə zamanı içkili olmamışam, məndən nümunə necə götürülüb".
Növbəti məhkəmə prosesi fevralın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.
.