"Kəpəz" qışda heyətinə əcnəbi vinger cəlb edəcək.

Bu barədə Gəncə klubunun baş məşqçisi Azər Bağırov məlumat verib.

Mütəxəssis qış "transfer pəncərəsi"ndə heyətə yeni futbolçu qatmaq istədiklərini bildirib:

"Baxmayaraq ki, qış fasiləsində futbolçu tapmaq elə də asan olmur. Bununla belə, əlimizdən gələni edəcəyik. Səviyyəli vingerə ehtiyacımız var. Necə deyərlər, "axtaran tapar".

O, komandada ab-havanın yüksək olduğunu söyləyib:

"Hər şey qaydasındadır, əməliyyat olunan oyunçularımızın vəziyyəti yaxşıya doğru dəyişməkdədir. Qış fasiləsinə qədər maksimum xalları toplamağa çalışacağıq və buna məcburuq. Oyunlarda qol vura bilməsək də, futbolçularımız sona qədər döyüşürlər. Bu dəqiqə ağlımızda Premyer Liqada qalmaq fikri yoxdur. Düşüncəmiz sadəcə xal və ya xallar qazanmaqdır. Çünki elitadakı yerimizi qorumaq söhbəti futbolçularda müəyyən təzyiq yarada bilər. Sadəcə, hər matça qələbə istəyi ilə çıxırıq".

A.Bağırov Misli Premyer Liqasının XV turunda qarşılaşacaqları "Şamaxı" ilə oyuna ciddi hazırlaşdıqlarını vurğulayıb:

"Dediyim kimi, hər görüşə qələbə əzmi ilə çıxırıq. Şamaxıya boş-boşuna getmirik. Hədəfimiz oradan xalla dönmək olacaq".

Qeyd edək ki, "Şamaxı" - "Kəpəz" oyunu noyabrın 30-da Şamaxı şəhər stadionunda keçiriləcək.

.