Türkiyə sığorta bazarı 2022-2023-cü illərdə son 10 ilin ən çətin durumu ilə qarşılaşacaq.

Bu barədə “Fitch Ratings” agentliyinin yeni hesabatında bildirilib. Məlumata görə, makroiqtisadi vəziyyətin pisləşməsi, artan inflyasiya və avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin sığortasına (NVSMMİS) davam edən qiymət artımı sığorta bazarına mənfi təsir edəcək, sığorta şirkətlərinin ya kapital artırmağa, ya da daha güclü rəqiblərə satılmağa məcbur edə bilər.

Bildirilib ki, Türkiyədə inflyasiya 2022-ci ilin may ayında 70%-i keçib və 2022-ci ilin sonuna bu rəqəm 60%, 2023-cü ilin sonu 55% olaraq proqnozlaşdırılır. Belə yüksək davamlı inflyasiya sığorta şirkətlərinin ödəniş xərclərini artıracaq və maliyyə ehtiyatları çatışmazlığı uzunmüddətli biznes layihələrinin icrasına mane olacaq. Bundan əlavə, əhalinin gəlirlərinin azalması onların sığorta almaq imkanlarını da zəiflədəcək.

Sığortaçılar artan xərcləri qarşılamaq üçün sığorta tariflərini də artıra bilməyəcəklər. Sığorta şirkətləri arasında qiymət rəqabəti və NVSMMİS üçün tənzimləyici qiymət hədləri buna mane olacaq.

Agentlik bildirib ki, Türkiyənin suveren reytininqinin (B+) neqativ qiymətləndirilməsi, o cümlədən Türkiyə banklarının neqativ reytinqi hökumət və bank qiymətli kağızlarına sahib olan sığorta şirkətlərinin reytinqlərini də təzyiq altında saxlayır.

.