"Bitcoin"in qiyməti son yeddi ayda ilk dəfə 90 min dollardan aşağı düşüb.
Bitcoin"in dəyəri oktyabrın əvvəlində qeydə alınmış 126 min dollardan yuxarı tarixi rekorddan bəri davamlı geriləyir. Kriptovalyuta bu həddən son dəfə aşağı düşdükdən sonra aprel ayında 74 400 dollara qədər geriləmişdi. Həmin dövrdə ABŞ prezidenti Donald Trampın tariflərlə bağlı açıqlamaları qlobal maliyyə bazarlarında ciddi dalğalanma yaratmışdı və "bitcoin" də bu qeyri-müəyyənlikdən mənfi təsirlənmişdi.
Hazırda "CoinMarketCap" platformasında "bitcoin" 90 min dollar civarında ticarət olunur. Son 24 saatda qiymət 5,29%, son bir həftədə isə 14,81% enib. Ümumilikdə isə ən bahalı kriptovalyuta son yeddi ayda ilk dəfə bu həddə qədər ucuzlaşıb.
Digər kriptovalyutalar da oxşar eniş tendensiyası ilə qarşılaşıb. "Ethereum"un dəyəri gün ərzində 5,63% azalaraq 3 003 dollar, Solana isə 4,04% azalaraq 134,65 dollar olub. XRP, BNB və "Dogecoin"də də sutkalıq 3–5% arasında ucuzlaşma müşahidə edilib. USDT və USDC isə qiymətini nominal olaraq sabit saxlayır.
Analitiklər qeyd edirlər ki, "bitcoin" və digər kriptovalyutalardakı düşüş bazarın ümumi risk meylinin azalması, ABŞ-da monetar siyasətə dair qeyri-müəyyənlik, institusional investorların mövqelərini azaltması və likvidliyin zəifləməsi ilə əlaqələndirilir.
.
