“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci bəndinə əsasən “Azərsu” ASC-nin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə uyğun olaraq illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hazırlanıb və bu hesabatlar müstəqil auditor təşkilatı tərəfindən audit edilib. 31 dekabr 2020-ci ilə Cəmiyyətin əsas vəsaitləri 115,6 mln. manat artaraq 942,7 mln. manat təşkil edib.

Bu barədə “Azərsu” ASC-nin açıqlamasında deyilir.

Hesabat ilində ASC-nin cari zərəri 323,2 mln. manat olub ki, bu da 2019-cu ilə nisbətən (2019-cu ildə 593,5 mln. manat) 270,3 mln. manat azdır. Cari zərər əsas etibarilə əsas vəsaitlərin qiymətdəndüşmə zərəri (207,8 mln. manat) hesabına yaranıb. Hesabat ilinə Cəmiyyətin artan yekunla əks olunan yığılmış zərəri 7,3 mlrd. manat olub ki, bunun da 6,8 mlrd. manatı Cəmiyyətin əsas fəaliyyəti nəticəsində deyil, maddi və qeyri-maddi aktivlərinin qiymətləndirilməsi və qiymətdəndüşməsi ilə əlaqədar yaranıb.

2020-ci ildə satışdan gəlirlər 184,2 mln. manat təşkil edib və 2019-cu ilə nisbətən 8,8 mln. manat az olub. Gəlirlərin azalması əsasən koronavirus (COVID-2019) pandemiyası şəraitində qeyri-əhali qrupu kateqoriyasına aid olan bir sıra abonentlərin (təhsil ocaqları, ictimai iaşə, turizm və istirahət obyektləri, şadlıq sarayları və s.) fəaliyyətinin tam və ya qismən məhdudlaşdırılması ilə əlaqədardır.

Qeyd edək ki, maliyyə hesabatlarının hazırlanması prosesində beynəlxalq standartların tələblərinə uyğun olaraq əsas vəsaitlərin qiymətləndirilməsi və qiymətdəndüşməyə testləşdirilməsi həyata keçirilir. Bazar dəyəri olan əsas vəsaitlərin ədalətli dəyəri müəyyən olunur. Xüsusiləşdirilmiş aktivlərə isə bir vahid (pul axını yaradan aktiv) kimi baxılır. Cəmiyyətin növbəti 5 il üçün gəlir-xərc proqnozları əsasında bu aktivlərdən istismar dövrü ərzində gözlənilən gəlirlilik müəyyən edilir və illər üzrə diskontlaşdırılır. Bu məbləğlə aktivlərin cari dəyəri arasındakı fərq dövr üzrə qiymətdəndüşmə zərərini əks etdirir.

.