"Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Mahir Xəttab) cinayət işi üzrə məhkəmə başlayıb.

Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Araz Nurməmmədov APA-ya bildirib ki, məhkəmədə zərərçəkmiş qismində tanınan Ramiz Göyüşov prosesdə iştirak etməyib.

Vəkil qeyd edib ki, hazırlıq iclasında müdafiə tərəfindən vəsatətlər verilməyib.

Məhkəmənin baxış iclası noyabrın 26-na təyin olunub.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

.