Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin Avropadakı ABŞ quru qoşunlarının hərbi təlimlərində iştirakından danışıb.

Bu barədə Armen Qriqoryan Ermənistanın “Civilnet” internet televiziyasına müsahibəsində bildirib.

“Ermənistanın Avropadakı təlimlərdə iştirakı ölkənin xarici siyasət istiqamətinin dəyişməsinə sübut deyil. Təlimlərdə iştirakımız bizə bilik və təcrübə qazandıracaq ki, bu da öz növbəsində ordudakı islahatlar prosesinə xidmət edəcək. Təcrübə göstərir ki, bizim təcrübəmiz səmərəli deyil və biz daha effektiv olan yeni mexanizmlər, yeni idarəetmə üsulları tapmalıyıq”, - Qriqoryan deyib.

TŞ katibi qeyd edib ki, ABŞ-la Ermənistanın münasibətləri intensiv şəkildə inkişaf edir: “Biz ABŞ-la daha geniş iqtisadi formatda da əməkdaşlıq etməyə çalışırıq. Hərbi-siyasi sahədə əməkdaşlıq isə müzakirə olunacaq mərhələdə deyil. Bu əməkdaşlıq üçün zaman lazımdır”.

Qriqoryan həmçinin əlavə edib ki, Ermənistanın KTMT-yə üzv olması ölkənin digər dövlətlərlə əlaqələrini inkişaf etdirməsini məhdudlaşdırmır.

.