Zərəçəkənin qardaşı: "10 gündə elə bil mənim dərimi soyublar. 2 min manat xərcimiz çıxıb”
Avqustun 18-də Saatlı rayonunda yük maşınının "İkarus” markalı avtobusu ortasından vurması nəticəsində 3 nəfər sərnişin xəsarət alıb.
Sərnişinlərdən ən ağır xəsarət alan isə Həsənova Nailə Bəxtiyar qızıdır.
Bu barədə "Bizim Yol”-a zərərçəkən şəxsin qardaşı İlqar Zöhrabbəyov bildirib. Onun sözlərinə görə, 1976-ci il təvəllüdlü, 3 uşaq anası olan N.Həsənova dünən saat 12.00-da Travmatologiya və Ortopediya Kliniki Xəstəxanasında ikinci dəfə əməliyyat olunacaq. "Saatlı rayon Mərkəzi Xəstəxanası avtoqəzadə xəsarət alan şəxsi qəbul etmədi. Həkimlər yaraya baxmaqdan belə diksinirdilər. Bakıdan təcili tibbi yardım maşını çağrıldı.
1 saylı Şəhər Kliniki Xəstəxanası da qəbul etmədi. Zərərçəkən Travmatologiya və Ortopediya Kliniki Xəstəxanasına yerləşdirildi”,-deyə İ.Zöhrabbəyov bildirib. O deyir ki, bacısının qolun dördə biri hissəsi yoxdur: "Bir dəfə əməliyyat ediblər. Hələ beş dəfə də əməliyyat olunacağı deyilir. 10 gündə elə bil mənim dərimi soyublar. 2 min manat xərcimiz çıxıb.
5 dəfə əməliyyat olunmalıdır. 6 ay xəstəxanada yatmalıdır. Mənim buna imkanım yoxdur. Borc tapıb verirəm. Nə sərnişinləri daşıyan avtobusun, nə də "Kamaz”ın sürücüsü xəsarət alan şəxslə maraqlanırlar. Sərnişinin səhhətinə dəymiş zərərə görə kompensasiya ödəmirlər. Faktı araşdıran hüquq-mühafizə orqanı da bu günə qədər bizimlə maraqlanmayıb. Müstəntiqin işindən də narazıyıq”.
