Qətər Azərbaycanla iqtisadi əlaqələri daha geniş strateji əməkdaşlıq səviyyəsinə çıxarmağa çalışır.

"Report" Qətər mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici ticarət məsələləri üzrə dövlət naziri Əhməd bin Məhəmməd əl-Səid Dohada keçirilən Azərbaycan-Qətər Birgə Biznes Şurasının I iclasında bildirib.

Onun sözlərinə görə, dövlətlər arasında iqtisadi əlaqələrin inkişafında özəl sektor mühüm rol oynayır. Şuranın iclası tərəflərin Qətər və Azərbaycanın biznes icmaları arasında birbaşa ünsiyyətin gücləndirilməsinin vacibliyinə əminliyini əks etdirir, ticarət və investisiya əməkdaşlığı üçün yeni üfüqlər açır.

Nazir qeyd edib ki, son illər iki ölkə arasında iqtisadi münasibətlər davamlı artım nümayiş etdirib, imzalanmış sazişlər bu prosesdə xüsusi yer tutur və özəl sektorun fəal iştirakı üçün zəmin yaradır.

Əl-Səid vurğulayıb ki, sənədlər biznesin aparılmasını asanlaşdıran və investorlar üçün cəlbedici mühit yaradan fundamental sütundur. O, həmçinin bildirib ki, Qətər iqtisadi əməkdaşlığın nəticələrinin hər iki ölkənin ümumi maraqlarına xidmət etməsi üçün investisiya istiqamətlərinin şaxələndirilməsi üzrə səyləri artırmaq niyyətindədir.

.