Qərbi Azərbaycan İcması olaraq, ABŞ Konqresində anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst konqresmen Adam Şiffin 2024-cü il sentyabrın 18-də təqdim etdiyi növbəti anti-Azərbaycan qanun layihəsini qətiyyətlə pisləyir və qınayırıq.
Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən daxil olan bəyanatda bildirilib.
"Qanun layihəsi həm adı, həm də məzmunu etibarilə təxribat xarakterli və yanlış bir addımdır. Adam Şiffin ənənəvi anti-Azərbaycan mövqeyi və korrupsiyaya bulaşmış digər Azərbaycanofob, keçmiş senator Bob Menendez kimi erməni lobbisi ilə korrupsioner əlaqələri, onun dürüstlüyünü ciddi şəkildə şübhə altına alır. Qarabağ ermənilərinin Azərbaycan dövlətinin reinteqrasiya və vətəndaşlıq təkliflərini rədd edərək sərbəst şəkildə ölkəni tərk etdiklərini nəzərə alaraq, Şiffin bu qanun layihəsi böhtan üzərində qurulub.
Adam Şiff, 300 min azərbaycanlının Ermənistandan, 700 min azərbaycanlının isə uzun müddət işğal altında saxlanmış Azərbaycan ərazilərindən etnik təmizləmə nəticəsində zorla çıxarılmasını və Azərbaycanın, eləcə də azərbaycanlıların əmlakına, iqtisadiyyatına və mədəni irsinə vurulan yüz milyardlarla ABŞ dolları dəyərində ziyanı görməzdən gəlmiş, hətta dəstəkləmişdir. Bütün bunlar göstərir ki, təqdim olunan qanun layihəsi Azərbaycana qarşı şantaj cəhdidir. Bu addım həm də ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbə vurmağa hədəflənib.
Qərbi Azərbaycan İcması olaraq, biz ABŞ Konqresindən bu təxribat xarakterli qanun layihəsini rədd etməsini və Adam Şiffin erməni lobbisi ilə korrupsiya əlaqələrinin araşdırılmasını tələb edirik", - bəyanatda deyilir.
.