29 iyul-3 avqust tarixlərində Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək.
Musiqini, incəsənəti, mədəniyyəti və yaradıcılığı bir araya gətirən festival çərçivəsində konsertlər, beynəlxalq sərgilər, kitab yarmarkası, sənət və əl işləri nümayişləri, ustad dərsləri, interaktiv proqramlar, qastronomiya məkanları və müxtəlif mədəni layihələr təşkil olunacaq.
“GabalaFest”in əsas istiqamətlərindən birini XV Qəbələ Beynəlxalq Musiqi Festivalı təşkil edəcək. Festival günlərində müxtəlif ölkələrdən musiqiçilərin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunacaq.
Festival çərçivəsində ziyarətçilər “Mədəniyyətlərin Qovşağı” adlı beynəlxalq incəsənət sərgisini də ziyarət edə biləcəklər. Heydər Əliyev Konqres Mərkəzində təşkil olunacaq sərgidə Azərbaycanın və müxtəlif ölkələrin tanınmış rəssam və heykəltəraşlarının əsərləri nümayiş etdiriləcək. Müxtəlif mədəniyyətləri sənətin dili ilə bir araya gətirən sərgi festivalın beynəlxalq ruhunu əks etdirəcək.
Festival proqramının mühüm hissələrindən biri də TEAS Press, 3 Alma və Libraff-ın iştirakı ilə təşkil olunacaq Kitab Sərgisi olacaq. Burada müxtəlif nəşrlər təqdim ediləcək, ziyarətçilər Azərbaycan və dünya ədəbiyyatının seçilmiş nümunələri ilə tanış olmaq, kitablar əldə etmək və festivalın ədəbi proqramında iştirak etmək imkanı qazanacaqlar.
“GabalaFest” “Gilan”ın dəstəyi ilə keçirilir.
.
