Havaların soyuması, güclü külək və yağış yağması paytaxtda və ətraf ərazilərdə istilik, qaz və su sistemində problemlər yaradıb. Soyuq hava şəraiti kommunal sektorda qışa hazırlıq tədbirlərinə nəzarətin artırılması zərurətini ortaya qoyur. İşığa, qaza tələbat artacaq, binaların isitmə sistemlərinin problemləri gündəmə gəlir. Bəs müvafiq qurumlar bu tələbatı ödəməyə hazırdırmı?
"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, "Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev və "Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, bu qurumlar payız və qış mövsümünə tam hazırdır.
Redaksiyamıza paytaxtın müxtəlif yerlərindən daxil olan şikayətlərdən məlum olur ki, vəziyyətin fərqli olacağını gözləməyə dəyməz. Çünki havaların soyuması ilə sakinlər qaz və istilik təchizatından gileylənməyə başlayıblar.
"Bizim Yol”un «Facebook» səhifəsində keçirilən sorğuda iştirak edən izləyicilərin rəyləri isə birmənalı olmayıb. Kommunal xidmətlərlə bağlı razılıq bildirən izləyicilərlə yanaşı şikayətçilərə də fikrlərini bölüşüb. "Evinizi nə ilə qızdırırsınız” sualına izləyicilər belə cavab veriblər:
Ruhiyyə Əhmədli: "Havalar çox soyuqdu. Qazın "xod”unu gündə 100 dəfə alıb-verirlər. Mənzilmizi qızdıra, yemək hazırlaya və çörək bişirə bilmirik”.
Məmməd Li: "Qazımız yüksək təzyiqlə verilir, işığımız gərginliyi yüksək səviyyədədir, suyumuz da bol gəlir. Allah nəzərdən saxlasın. Kaş ki komunnal xərcləri ödəmək üçün pul ola”.
Arzu Məmmədova: "İstilik sistemimizlə bağlı narazılığımız yoxdur. Gündə bizə 7 saat da isti su verilir”.
Fəridə Şəfizadə: "Mən Bakının kəndində yaşayıram. Evlərimizi kombi istilik sisitemi ilə qızdırırıq. Anamın 160 manatlıq pensiyasın 120 manatı qaza və işığa gedir”.
Kənan Muradov: "Kəndimizdə Avropa standartlarına cavab verən məktəb tikilib. Amma istilik sistemi işləmir deyə şagirdlər donurlar”.
Boz Qurd: "Qaz yayda bundan yaxşı gəlirdi. İndi qazın yanından ötüb keçəndə sönür”.
Sona Əliyeva: "Ad olsun ki, qazımız var. Qazın təzyiqi aşağı olduğu üçün suyu qızdırıb duş qəbul edirik. Soyuqda hamamda qala bilmirik”.
Anar Abdullayev: "Evi adam sayının çoxlu hesabına qızdırırıq”.
Nicat Cabbarov: "Neft-qaz ölkəsində qaz tapa bilmirik. Dərdimizi hara deyək”.
Xaləddin Abbasov: "Qəlbimizin hərarəti ilə evimizi qızdırırıq, pulsuzdur”.
Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov "Bizim Yol”a bildirib ki, vətəndaşlar öz haqlarını tələb etməyənə kimi kommunal sahədə problemlər qalacaq: "Sizə şikayət edirlər, zəhmət olmazsa, müvafiq qurumlara da müraciət etsinlər. "Azərsu” ASC-nin, "Azərişıq” ASC-nin, "Azəriqaz” İstehsalat Birliyinin, "Azəristiliktəchizat” ASC-nin qaynar xətti, saytları mövcuddur, ora müraciət etsinlər. Poçtla müraciət göndərsinlər, haqlarını tələb etsinlər. Müraciətlərinə baxılmazsa, buyurub siz jurnalistlərə və biz ekspertlərə üz tutsunlar. Amma şikayətlərini birbaşa sizə və bizə edilər. Əlbəttə, maarifləndirmə işi aparılmalıdır. Şikayət edənlərin hamısı öz hüquqlarını bilir. Hüququnu bilməsə, şikayət etməz. Amma müvafiq qurumlara müraciət etmir. Soruşursan niyə müraciət etmirsən? Deyir ki, yazmaq bizə yaraşmaz. Hətta jurnalistlərə və eksperlərə şikayət edən vətəndaşların əksəriyyəti ad və soyadını demək belə istəmir”.
Nüsrət Qasımov bildirir ki, Bakının və onun qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişaf dövlət proqramlarının tədbirlər planına əsasən kommunal sahədə fəaliyyət göstərən qurumlar bu sahədə olan problemləri həlli etməlidir: "Amma şikayətlərə əsasən kommunal sahədə problemlər hələ də qalır. Şikayətçilər əsasən işığın gərginliyinin və qazın təzyiqinin aşağı olmasından narazıdırlar.
Kommunal xidmətlərdə nöqsanlardan şikayətçi olanlar aktiv olsunlar, özlərini və ailəsini soyuqdan öldürməsinlər”.
.
