Qar sitrus təsərrüfatlarına ciddi ziyan vurduBir neçə gün əvvəl Cənub bölgəsinə yağan qar sitrus təsərrüfatlarına ciddi ziyan vurub. Qarın ağırlığına dözməyən sitrus ağacları sınaraq sıradan çıxıb.
Fevral ayının ikinci ongünlüyündə, Cənub bölgəsinə düşən intensiv qar əsasən Lənkəran və Astara rayonları ərazisində olan fərdi sitrus təsərrüfatları yararsız vəziyyətə salıb. Qarın ağırlığına tab gətirməyib sıradan çıxan isə daha çox feyxoa və naringi ağacları olub. Ağacların bar gətirən budaqları sınaraq yararsız vəziyyətdə düşüb.
Qar, Lənkəranla yanaşı, Astara rayonu ərazisində yetişdirilən sitrus bağlarına da ciddi ziyan vurub. Uzun illər sitrusçuluqla məşğul olan, Xanhəsən Nəsirovun yetişdirdiyi sitrus ağaclarının bir qismi məhv olub. Təsərrüfat sahibi deyir ki, ağacların sıradan çıxması bu il məhsuldarlığın da aşağı düşməsinə səbəb olacaq.
Bioloq Yunus Qulamov isə sitrus ağaclarının qarın ağırlığına dözməyərək sıradan çıxmasını onların vaxtında bağlanmaması ilə izah edir. Onun sözlərinə görə əgər ağaclar vaxtında yığılıb bağlansaydı dəyən ziyanın miqdarı daha az ola bilərdi. Sınan ağacların əvvəlki vəziyyətinə qayıtması üçün isə illərlə vaxt və zəhmət çəkmək lazım olacaq. Yağan qar sitrus ağacları ilə yanaşı bir sıra meyvə ağaclarınında ziyan çəkməsinə səbəb olub.
