Lerik Rayon İcra hakimiyyəti başçısının müavini, Fövqəladə hallar üzrə komissiyanın sədri Habil Məlikov Publika.az-a bildirib ki, hazırda 70-ə yaxın kənd işıqsız qalıb:

"Qarlı hava şəraiti rayonun 80-dən çox kəndində elektrik enerjisinin verilişində problem yaratmışdı. Bir sıra kəndlərdə problem aradan qaldırılıb. 70-ə yaxın kənddə hələ də elektrik enerjisi verilmir. Hazırda problemin həlli üçün iş davam etdirilir. "Azərişıq” əməkdaşları ilə yanaşı, bələdiyyə, icra nümayəndələri də işləyir ki, qısa zamanda elektrik enerjisinin verilişi təmin olunsun. Rabitə və qaz xətlərində heç bir problem yoxdur. Rayonun 162 yaşayış məntəqəsindən cəmi 45-də qaz xətti var. Onlarda da qazın verilişində heç bir problem yaşamırıq”.

H.Məlikov onu da vurğulayıb ki, havalar soyuyan kimi əsasən elektrik xətlərində problem yaşanır. Bu da həmin xətlərin köhnə olması ilə əlaqədardır: "Hazırda rayonda istifadə edilən elektrik xətləri ötən əsrin 60-cı illərində çəkilib. Yalnız bu yaxınlarda Lənkəran-Hamarat-Lerik, Masallı-Lerik-Yardımlı elektrik xətləri yenidən bərpa edilib. Həmin xətlərdə heç bir problem müşahidə edilmir. Qalan xətlərin dirəkləri köhnədir və çox bərbad vəziyyətdədir. 700-dən çox dayaq yenisi ilə əvəzlənməlidir. Ona görə də qar yağan kimi elektrik verilişində problem yaşayırıq”.

İcra Hakimiyyəti rəsmisi hazırda rayon avtomobil yollarında heç bir problem müşahidə edilmədiyini deyib: "Qum və duz ehtiyatı görülüb. Buna görə də yollarda hələ ki, problem yaşamırıq.Hazırda rayonda qar yağmaqdadır. Dağlıq ərazilərdə qarın hündürlüyü 50 sm-i keçib, şəhərin mərkəzində 25 sm-ə qədərdir”.

***

Lerikdə qar fəsadlar yaradır.

Ötən gecə Lerik rayonunda külək və şaxta ilə müşayiət olunan qarın yağması nəticəsində ağaclar aşıb. Elektrik və rabitə xətləri sıradan çıxıb. Gecə saatlarından etibarən bir sıra kəndlərdə işıq kəsilib, rabitə xətləri qırılıb. Cəngəmiran kəndi ərazisində elektrik dirəklərinin aşması və naqillərin qırılması səbəbindən qonşu kəndlərin bir neçəsi də işıqsız qalıb. Sakinlərin bildirdiyinə görə, kəndlərin çoxunda hazırda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayon ərazisində kəndlərin çoxu işıqsızdır.

Rayonun yüksək dağlıq hissəsi olan Orand ərazisində qarın qalınlığı 80 sm-ə qədərdir. Dünəndən bu istiqamətdə olan Orand, Pirəsora, Vuravud, Tekunu, Sorsçay və digər kəndlərin sakinləri işıqsız qalıblar.

Lerik Rayon İcra hakimiyyəti başçısının müavini, Fövqəladə hallar üzrə komissiyanın sədri Habil Məlikov yaranmış vəziyyətlə bağlı tədbirlərin görüldüyünü bildirib.

"Orand istiqamətində olan kəndlər həqiqətən də dünəndən işıqsız qalıb. Buna səbəb isə meşə ərazisindən keçən hissədə yüksək gərginlikli xəttin qırılmasıdır ki, dünəndən bu istiqamətində təmir briqadası çalışır. Dünən tamamlamaq mümkün olmasa da, bir neçə saat ərzində işlərin yekunlaşacağı gözlənilir. Rayon elektrik şəbəkəsi tərəfindən gecə saatlarında baş verə biləcək qəzaların qarşısını almaq məqsədilə bir neçə istiqamətlərdə də xətlər şəbəkədən ayrılıb. Briqadalar işləyir. Qəza olmayan xətlərdə yarım saat ərzində enerji verilişi bərpa olunacaq".

Qeyd edək ki, yaranmış problemlərin aradan qaldırılması üçün qüvvələr səfərbər edilib. Hazırda Lerik şəhərinin özündə qarın qalınlığı 20 sm, yuxarı ərazilərə qalxdıqca daha çoxdur. Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətində hər hansı problem yoxdur. (report)


.