Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli və Abşeron rayonları ərazisində vəzifədən sui-istifadə etməklə yerin təkinin istifadə qaydalarının pozulması, qanunsuz hasil edilmiş qarışıq süxur kütləsinin külli miqdarda ziyan vurulmaqla gizli olaraq talanması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, araşdırmalarla İmişli rayonu ərazisində yerləşən “İmişli” qum-çınqıl yatağında “Azqum” MMC, Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında Rövşən Feyziyev və Anar Xəlilova məxsus karxananın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətindən sui-istifadə etməklə torpaq sahələri zəbt edərək qanunsuz hasilat işlərinin aparılması, həmçinin Abşeron rayonunun Pirəkəşkül kəndinin ərazisində qeyri-aşkar şəraitdə qanunsuz olaraq hasil edilmiş qarışıq süxur kütləsinin külli miqdarda ziyan vurmaqla gizli olaraq talanması nəticəsində təbiətə 628 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Həmin faktlara görə Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq), 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə müvafiq cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanına göndərilib.

.