Azərbaycanda "Dini etiqad azadlığı haqqında” qanuna əlavələr təklif edilir.
layihə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Komitə sədri Siyavuş Novruzov layihə barədə məlumat verərək bildirib ki, layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.
Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini ayinlərin icrası ilə bağlı bəzi qadağalar da aradan götürülür.
Bununla bağlı MM-in İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında "Dini etiqad azadlığı haqqında” qanunun 1-ci maddəsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.
Bəndin hazırda qüvvədə olan variantına görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Qeyd edək ki, bu qadağalar ötən ilin oktyabrın ayında qəbul edilib.
Komitə sədri Siyavuş Novruzov bildirib ki, bu qadağalar qəbul ediləndən sonra müxtəlif dini icmalardan müraciətlər olub: "Biz də düşünürük ki, həqiqətən dünyada elə qəbul edilmiş dini mərkəzlər var ki, onların nümayəndələrinin Azərbaycanda dinlə bağlı həqiqi ayinlər icra etməsi məqsədəuyğundur”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Dəyişikliyə uyğunlaşdırma məqsədilə müvafiq olaraq Cinayət Məcəlləsinin müvafiq maddələrində də dəyişiklik edilir.(apa)
