Rusiya Federasiyası Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır, tərəfləri təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə riayət etməyə çağırırıq.

Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Əlbəttə, biz Ermənistan-Azərbaycan sərhədinin müəyyən ərazilərində vəziyyətin gərginləşməsindən hədsiz narahatlığımızı bildiririk”, - Uşakov vurğulayıb.

O, gecə saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng etdiyini xatırladıb: “Biz həm Azərbaycanı, həm də Ermənistanı təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə və ümumilikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli bəyanatlarına əməl etməyə çağırırıq”.

Uşakov onu da bildirib ki, Rusiya Federasiyası Azərbaycan və Ermənistanla həm diplomatik, həm də hərbi xətt üzrə daim sıx təmasdadır: “Biz indi həm diplomatik, həm də hərbi xətt üzrə Bakı və İrəvanla daimi sıx əlaqədəyik”.

O əlavə edib ki, baş vermiş gərginlik nəzərə alınaraq, Rusiya və Azərbaycan prezidentləri arasında Səmərqənddə söhbət önəmli xarakter daşıyacaq.

.