ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakova Tramp-Putin danışıqları ilə bağlı məsləhətlər verib.

Bloomberg“ Uitkoff və Uşakov arasında baş tutan telefon danışığının tam mətnini dərc edib.

Dialoqa görə, Uitkoff Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampa zəng vuraraq onu Qəzza ilə bağlı əldə olunan atəşkəs razılaşması münasibətilə təbrik etməyi təklif edib.

“Cümə günü Zelenski Ağ Evə gələcək. Mən də orada olacağam. Düşünürəm ki, Putin Zelenski gəlməzdən əvvəl Trampla danışsa, yaxşı olar. Təklif edirəm ki, Putin bizim prezidentimizlə danışsın və onun sülh adamı olduğunu desin, Qəzza məsələsi ilə bağlı onu təbrik etsin”, Uitkoff deyib.

“Aydındır, sizin məsləhətinizi başa düşdüm. Mən rəisimlə danışıb sonra sizə məlumat verəcəyəm”, - Uşakov cavabında deyib.

Uitkoff Uşakovla oktyabrın 14-də baş tutan telefon danışığında Ukrayna münaqişəsinin həll olunması üçün Qəzzada əldə olunan razılaşmaya bənzər 20 maddəlik plan hazırlamağı təklif edib.

“Putin Trampa desin ki, Stiv və Yuri Ukrayna üçün Qəzzadakı kimi 20 maddəlik plan barədə danışıqlar aparıblar. Biz belə təkliflərə açığıq. Donetsk və bəlkə də başqa yerlərin mübadiləsi”, Uitkoff əlavə edib.

Uşakov Uitkoffa verdiyi məsləhətlərə görə təşəkkür edib və danışılanları Putinə məruzə edəcəyini bildirib.

Qeyd edək ki, telefon danışığının mətnini dərc edən “Bloomberg“ nəşri bu informasiyaya necə nail olduğu barədə məlumat verməyib. Digər media orqanları dərc olunan mətni təsdiqləməyib.

.