Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə konstitusiyaya düzəlişlərə səs verdiklərinə görə təşəkkürünü bildirib.

Konstitusiyaya düzəlişlərlə bağlı keçirilən ümumxalq səsverməsinin yekunları açıqlandıqdan sonra V. Putin ölkə əhalisinə müraciət edib. 

“Dəstəyə və etibara görə çox sağ olun!”, - deyə Rusiya Prezidenti bildirib. 

V. Putin SSRİ-nin süqutundan sonra az vaxt keçməsinə baxmayaraq, müasir Rusiya və onun siyasi sisteminin qalxınma mərhələsində olduğunu söyləyib: “Bir çox cəhətdən biz hələ çox həssasıq. Bizə daxili sabitlik və ölkəni, onun bütün institutlarını möhkəmlətmək üçün vaxt lazımdır”.

Rusiya Prezidenti konstitusiyaya düzəlişlərin əleyhinə səs verənləri anladığını da vurğulayıb: “Belə ki, ölkədə hələ çox həll olunmamış problem var. İnsanlar isə çox vaxt haqsızlıqla qarşılaşırlar. İnsanlar hələ də çox çətin vəziyyətdə yaşayırlar. Lakin bizə, ölkə rəhbərliyinə elə gəlir ki, mümkün olan hər şeyi edirik. Lakin bu elə deyil. Həyat göstərir ki, biz tez-tez işi axıra qədər çatdırmırıq. Rusiya rəhbərliyi bütün səviyyələrdə hər şeyi etməlidir ki, vətəndaşların etibarını doğrultsun”.

Qeyd edək ki, Rusiyada konstitusiyaya düzəlişlərlə bağlı keçirilən ümumxalq səsverməsinin nəticələri açıqlanıb. 67,97 faiz seçici aktivliyinin müşahidə olunduğu seçkidə 77,92% rusiyalı düzəlişlərin lehinə, 21,27% isə əleyhinə səs verib.

.