Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Bu barədə Rusiya KİV-ləri Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Hər iki tərəfdən hərbi əməliyyatların tezliklə dayandırılmasının və bütün tərəflərin qanuni maraqları nəzərə alınmaqla münaqişənin uzunmüddətli həlli üçün siyasi-diplomatik səylərin fəallaşdırılmasının zəruriliyi vurğulanıb", - məlumatda bildirilib.

V.Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Yaxın Şərqdəki böhranın qlobal enerji təhlükəsizliyinə mənfi təsir göstərdiyini qeyd ediblər.

Onlar Yaxın Şərqdəki böhran fonunda neft bazarının sabitləşdirilməsi üzrə "OPEC+" çərçivəsindəki fəaliyyətin vacibliyini vurğulayıblar.

Tərəflər iki dövlət arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.

.