“Müharibədən sonrakı dövr üçün xüsusi reabilitasiya proqramı tərtib olunmalıdır, bölgələrdə isə psixoloji mərkəzlər yaradılmalıdır”.

Bu açıqlama ilə çıxış edən psixologiya üzrə fəlsəfə doktoru Nigar Nəsirova vurğulayıb ki, zəfər günü uzaqda deyil və döyüşlər bitdikdən sonra onun iştirakçısı olmuş insanlar, hərbçilər normal həyata qayıtmalıdır.

Nigar Nəsirova daha sonra bunları vurğulayıb:

“Bu gün Azərbaycan öz torpaqlarını mənfur düşməndən azad edir. Müharibənin dağıdıcı təsirlərlərindən biri, onu görənlərin və iştirakçısı olanların psixoloji vəziyyətində sonradan dərin iz buraxmasıdır. Hərbçilərimiz vətənimizi qoruyarkən, qan və ölümü öz gözləri ilə görərkən psixoloji stressə məruz qala bilər.

Zehni qeyri-sabitlik, əsassız əsəb, sinir böhranları, dərin depressiya, apatiya – bütün bunlar döyüşlərdən sonra yarana biləcək post travmatik stressin amilləridir ki, bu da bir çox vəziyyətdə cəmiyyətə mənfi təsir göstərə bilər. Belə bir vəziyyətdə cəbhədən gələn hərbçilərə ixtisaslı psixoloqlara ehtiyac duyulur”.

Psixoloq Nigar Nəsirovanın fikrincə, peşəkar psixoloqların köməkliyi ilə Azərbaycanda müharibədən sonrakı dövr üçün xüsusi reabilitasiya proqramı tərtib olunmalıdır. Respublikanın müxtəlif bölgələrində, poliklinikalarda, xəstəxanalarda psixoloji reabilitasiya mərkəzləri yaradılmalıdır. İnsanları dinc, sakit həyata uyğunlaşmaq üçün peşəkar yardım göstərilməli, mütəxəssislər müharibə iştirakçılarını əqli cəhətdən sabit və sağlam bir vəziyyətdə cəmiyyətə qaytarmalıdırlar.

.