Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı Füzuli Əliyevin 15 il, Zaur Məmmədovun 14 il, Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə bu gün keçirilmiş məhkəmə prosesində prokuror həmçinin sabiq MTN generallarının rütbələrindən məhrum edilməsi ilə bağlı ölkə başçısına təqdimat verilməsini istəyib.
O, təqsirləndirilən şəxslər tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) vurulan 1 milyon manat məbləğində ziyanın ödənilməsini də tələb edib.
Prokuror, çıxışında zərərçəkmişlərə vurulan ziyanın və təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi ilə bağlı məhkəmədən qanunauyğun qərar çıxarmasını istəyib.
İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
Proses martın 1-də davam etdiriləcək.
