“Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması ilə əlaqədar mövqeyimiz cənab Prezident tərəfindən ardıcıl surətdə, bütün imkanlarda və fürsətlərdə açıq şəkildə ifadə olunub”.

Bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, regionda yeni sülh gündəliyinin yaradılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların aparılması təşəbbüsü məhz Azərbaycana məxsusdur.

“5 prinsipdən ibarət olan sənəd də məhz Azərbaycan tərəfindən təqdim olunub. Prezident İlham Əliyev tərəfindən də bu gün qeyd olundu ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında əsas ana qayə dövlətlərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasıdır. Azərbaycan bu xüsusda təqdim olunmuş prinsiplər əsasında öz mövqeyini ifadə edib. Əgər Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və qəbul edirsə, bu əsnada biz dövlətlər arasında münasibətlərdə normallaşmaya nail ola bilərik. Düzdür, Ermənistanın bundan başqa çıxış yolu da yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və üzərinə düşən beynəlxalq hüquqi öhdəliyi də bundan ibarətdir. Bunun üçün müxtəlif proseslər və platformalar var ki, Azərbaycanın təşəbbüsü də masa üzərindədir. Biz tezliklə İşçi qrupunun yaradılması və cənab Prezident tərəfindən də qeyd olunduğu kimi, artıq mətn üzərində müzakirələrə başlamağa hazırıq ki, konkret vaxt çərçivəsində bu proses başa çatsın. Bu, regionda əsaslı dərəcədə təhlükəsizlik mühitini dəyişə bilər və davamlı sülhün və sabitliyin təməlini təşkil edə bilər”, - Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev: “Minsk qrupunun hər hansı mandat daşıyıcı funksiyası yoxdur”

ATƏT-in Minsk qrupu özü-özünü sıradan çıxarma prosesindədir.

Bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Belə ki, artıq Minsk qrupunun özü tərəfindən də müxtəlif istiqamətlərdə və müxtəlif səpkidə açıqlamalar verilib ki, artıq bu 3 həmsədr dövlətin bu və ya digər səbəblərdən, xüsusilə də Ukraynada baş verən hadisələr kontekstində bir araya gəlməsi mümkün deyil. Bu, həmin ölkələrdən birinin yüksək rəsmisi tərəfindən açıq şəkildə ifadə olundu. Bundan sonra Minsk qrupunun həmsədr ölkələri tərəfindən verilən açıqlamalarda da artıq regiona göndərilən nümayəndələrin həmsədr statusunda deyil, artıq başqa statusda gələcəyi qeyd edilir. Məsələn, ABŞ tərəfindən verilmiş açıqlamalarda Cenevrə danışıqları kontekstində Qafqaz üzrə danışıqlar prosesini aparan şəxs qismində nümayəndənin göndərilməsini gördük. Rusiya və Fransa tərəfindən verilmiş rəsmi açıqlamalarda da öz nümayəndələrinə başqa status verildiyi qeyd olunur. Bütövlükdə Azərbaycan tərəfi post-münaqişə reallıqları çərçivəsində də, mahiyyət etibarı ilə də bu məsələni qaldırırdı. Çünki münaqişə yoxdur, münaqişə həll olunub. Artıq regionda yeni münasibətlər istiqaməti var ki, bu, Ermənistan-Azərbaycan münasibətləridir. Bu münasibətlərdə də Minsk qrupunun hər hansı mandat daşıyıcı funksiyası yoxdur.

Azərbaycan tərəfi deyirdi ki, Minsk qrupu nə ilə məşğul ola biləcəyinə dair özünün yol xəritəsini ortaya qoymalıdır. Müharibədən sonrakı dövr ərzində də Minsk qrupu belə bir sənədi ortaya qoymaq iqtidarında olmadığını bir daha göstərdi və özü-özünü məhv edəcək bir prosesə qədəm qoydu. Bunun da məsuliyyətini heç bir halda Azərbaycan Respublikası daşımır”, - Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi Ermənistanın Naxçıvana gedəcək yolların koordinatlarını verməməsinə münasibət bildirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında kommunikasiyaların açılması üçün Ermənistan tərəfinin koordinatları verməməsinə münasibət bildirib.

Prezidentin köməkçisi Şuşada jurnalistlərə açıqlamasında deyib ki, burada Ermənistanın öz üzərinə götürdüyü öhdəliklər var.

“Biz ilk növbədə üçtərəfli bəyanata baxmalıyıq. Bu bəyanatın 9-cu bəndində qeyd olunur ki, Ermənistan maneəsiz şəkildə həmin ərazi boyunca nəqliyyat vasitələrinin keçidini təmin etməlidir və bununla bağlı öz üzərinə öhdəlik götürüb. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu günə kimi üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmir. Ona görə də Azərbaycan tərəfindən hər fürsətdə bu məsələ qaldırılır. Çünki bu, üçtərəfli bəyanata əsasən, Ermənistan üzərinə düşən öhdəlikdir. Müxtəlif platformalarda da israrlı şəkildə Azərbaycan tərəfindən bu məsələ qaldırılır”, - Hikmət Hacıyev qeyd edib.

O vurğulayıb ki, Azərbaycan tərəfi öz üzərinə düşən məsələlərdən də çıxış edərək və öz siyasi gündəliyinə uyğun olaraq, regionda vəziyyətin daha da sabitləşdirilməsi, sülhün gücləndirilməsi, kommunikasiyaların açılması istiqamətində səylərini davam etdirir.

“Azərbaycanın milli maraqları əsasında bu imkanlar həyata keçirilir”, - Prezidentin köməkçisi əlavə edib.

.