“Azərbaycan həmişə danışıqlar prosesində iştirak edir. Danışıqlar prosesini pozan Ermənistandır. Ona görə bu müraciətlər ilk növbədə Ermənistana olmalıdır" .

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev jurnalistlərin suallarını cavablandırarkən deyib ki, danışıqlar naminə danışıqlar da artıq hər kəsi taqətdən salıb: "Danışıqlar prosesindən konkret nəticə gözlənilir. Ona görə də proses ilk növbədə nəticəyönümlü olmalıdır ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki Ermənistanın silahlı qüvvələrinin mövcudluğuna son qoyulsun, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın, BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinin həyata keçirilməsi təmin olunsun. Azərbaycan konstruktivliyini, danışıqlar prosesindəki mövqeyini aydın və birmənalı şəkildə ifadə edib. Hesab edirik ki, indiki şəraitdə də beynəlxalq ictimaiyyət Ermənistana daha böyük siyasi-diplomatik təzyiq göstərməlidir ki, Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsın. Bütün bunlar barədə də Prezident İlham Əliyev beynəlxalq media kanallarına verdiyi müsahibədə ətraflı məlumat verib".

Hikmət Hacıyev: “Azərbaycan hərbi hədəflərə adekvat cavab vermək hüququnu özündə saxlayır

Ermənilər Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmaqda davam edir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
 
O bildirib ki, bu, Ermənistanın hər hansı bir dəyərdən, sivil davranışdan xəbərsiz olduğunu nümayiş etdirir: "Biz bununla bağlı ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət etdik ki, müharibə şəraitində mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələbidir. Amma Ermənistan bundan kənar dövlət olduğunu hər addımda nümayiş etdirir. Azərbaycanın şəhərlərinə, mülki obyektlərə və şəxslərə hücumlar təşkil edir. Azərbaycan Respublikası çox yüksək etik və əxlaqi dəyərlər nümayiş etdirərək beynəlxalq hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatları həyata keçirir. Onların neytrallaşması təmin olunur. Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttinin bütün istiqamətləri üzrə effektiv, təsirli və sülhəməcburetmə əməliyyatını davam etdirir. Burada da məqsəd Azərbaycan ərazilərin işğaldan azad edilməsinin təmin olunmasıdır".

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan raket texnologiyasından istifadə edir: "Biz bunu qəti şəkildə pisləyirik və Azərbaycan Respublikasında legitim hərbi hədəflərə adekvat cavab vermək hüququnu tam şəkildə özündə saxlayır".

Hikmət Hacıyev: “Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumat paylaşılır”

“Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumatlar paylaşılır. Onların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişik”. 

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, guya İrəvan səmalarında dronlar uçurdu, o da fotoşop idi.

Prezidentin köməkçisinin sözlərinə görə, sonradan həmin görüntülərin media və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib: "Media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”.
 

.