Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Respublikasında akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (Wall Street Journal, Reuters, Voice of America, New York Times, CNN International, Politico, Deutsche Well, El Pais, El Periodico, ORF, Bloomberg və Journo) videoformatda mətbuat brifinqi verib.
Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə məlumat verən H. Hacıyev cəbhəboyu zonada yerləşən mövqelərimizin və yaşayış məntəqələrimizin qəsdən intensiv surətdə atəşə tutulduğunu bildirib.
Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezident köməkçisi indiyədək 2-si azyaşlı olmaqla 10 nəfərin həlak olduğunu və 30 nəfərin yaralandığını qeyd edib.
Habelə, H. Hacıyev ordumuzun əsas məqsədinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, ələlxüsus ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsi olduğunu bildirib.
Daha sonra, H. Hacıyev jurnalistlərin suallarını cavablandırıb və onları Azərbaycana dəvət edib.
Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana təcavüzü onların öz ərazisindən də həyata keçirilir"
"Bu gün səhər radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Vardenis rayonu ərazisindəki mövqelərindən Azərbaycanın Daşkəsən rayonunu və digər bölgələrini artilleriyadan atəşə tutub".
Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu onu göstərir ki, Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın öz ərazisindən də həyata keçirilir: “Bu hadisələr Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz aktı kimi qiymətləndirilir ki, burada da suveren dövlət olan Ermənistanın ərazisindən Azərbaycana qarşı növbəti hücum akt həyata keçirilib”.
.
