"Üçtərəfli İşçi Qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edərkən deyib.

Prezident qeyd edib ki, artıq həm əyani, həm də videokonfrans formatında beş iclas keçirilib: "Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq. Ona görə də biz bu gün həmin məsələləri müzakirə edəcək, sonrakı addımlarımızı və fəaliyyətimizi planlaşdıracağıq”.

Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun yaradılması qərara alınıb.

.