Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günə qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələr davam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin əsasında davam edəcək, bunlar bizə deyilmir.

Bu fikirləri Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində aparıcının atəşkəs çağırışları ilə bağlı sualını cavablandırarkən bildirib.

Azərbaycanın bu müzakirələrdə 30 ilə yaxındır ki, ümidlərlə iştirak etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdə iştirak etməzdik. Hər zaman müzakirələr mövcud olan prinsiplər əsasında gedirdi. Bu prinsiplərin arasında Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi vardır. İşğal altında olan bölgələrin mərhələli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra da sülhün təmin olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünkü Ermənistan bütün əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri pozaraq bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum əməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz”.

Prezident İlham Əliyev: "Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun"

Bizim tələblərimiz var. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun.

Bu fikirləri Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində səsləndirib.

“Bəzi vasitəçilər istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə 1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi?”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bütün bu sualların havada qaldığını bildirən Prezident deyib: “Bu suallara cavab yoxdur. Bu gün Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, nəbadə irəliyə getməyin, ara verin. Müharibənin öz qaydaları, öz qanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var. Biz ara versək, qarşı tərəf toparlanacaq, əlavə qüvvə yığacaq. Onsuz da onların çıxışlarında göstərilir ki, Ermənistanın xaricində yaşayan erməniləri də onlar bu müharibəyə cəlb edirlər. Beləliklə, bu müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək istəyirlər. Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq. Amma müəyyən şərtlər var ki, onları da mən açıqlamışam”.
 

.