Azərbaycan prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən "Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub.

Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov prezident İlham Əliyevə rayonda və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verib.

İlham Əliyev Pirallahı rayonunda "Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq "CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində də iştirak edib.
Dövlət başçısına müəssisə barədə məlumat verilib.
Bildirilib ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən təchiz olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar dövriyyə olunacaq.
Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoyub.

İlham Əliyev "Pirallahı” günəş elektrik stansiyasının açılışında iştirak edib.
 Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlət başçısına "Pirallahı” günəş elektrik stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verib.
Bildirilib ki, layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir.


.