Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv Dövlətlərin Baş Prokurorlarının Bakıda ilk iclasının iştirakçılarına müraciət edib.

Müraciətdə bildirilir: “Türk Şurası birliyimizin bariz nümunəsidir. Təşkilata sədrliyimiz dövründə birgə mexanizmlərlə bağlı təşəbbüslər irəli sürülüb. Qardaş ölkələr arasında yeni əməkdaşlıq formatının yaradılması mühüm əhəmiyyət kəsb edir”.

Dövlət başçısı müraciətində bildirib ki, Ermənistanın işğalı nəticəsində etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan çox soydaşımız məcburi köçkün vəziyyətinə düşüb: “Xocalı soyqırımı törədilib, 4 min soydaşımız itkin düşüb. İşğal dövründə bütün kənd və şəhərlərimiz Ermənistan tərəfindən dağıdıb. Ermənistan ekoloji terror həyata keçirib, 60 min hektar meşə məhv edilib. Qızıl yataqları qeyri-qanuni istismar edilib”.

Prezident qeyd edib ki, işğal olunmuş ərazilər narkotiklərin dövriyyəsi, narkotiklərin becərilməsi üçün istifadə edilirdi: “İkinci Qarabağ müharibəsində Ermənistan 100-dən çox mülki insanı, 11 uşağı qətlə yetirib. Ermənistan muzdlu döyüşçülərdən istifadə edirdi. Müharibədən sonra 150-dən çox vətəndaşımız minaya düşüb, yaralanıb, həlak olub”.

Dövlət başçısı Azərbaycanın BMT qətnamələrini icra etdiyini vurğulayıb: “Hazırda regionda yeni reallıq yaranıb. Zəngəzur dəhlizi regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının yaradılması cinayətkarlığa qarşı mübarizədə səylərimin birləşdirilməsinə təkan verəcək”.

.