“Biz gözləyirik ki, ATƏT-in Minsk qrupu regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim edəcək. Hesab edirəm elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Münaqişənin həllinə kömək edən qrup kimi yox, çünki münaqişə artıq həll olunub”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezident qeyd edib ki, Ermənistan ilə sülh razılaşmasından danışanda, - əgər Ermənistan bu variantı nəzərdən keçirəcəksə, - burada beynəlxalq aktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilərdi - demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət. “Ümidvaram ki, Minsk qrupunun nümayəndələri tezliklə Azərbaycana bir sıra təkliflərlə gələcəklər və biz bu təklifləri diqqətlə öyrənəcəyik”, - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev: “İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşır”

“İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Yeri gəlmişkən, biz regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşularımızla müzakirə etmişik".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz var: “Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Bizim okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub. Lakin əməkdaşlıq yalnız bununla bitmir. Biz birgə ticarəti artırmaq, daha yaxşı imkanlar əldə etmək üçün çox sıx işləyirik”.

.