İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin alternativ enerji resursları baxımından böyük potensialı var.

Bu barədə bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, hazırda alternativ enerji ilə bağlı bir çox enerji şirkəti ilə aktiv danışıqlar aparılır.

“Biz alternativ enerji ilə bağlı bir çox enerji şirkətləri ilə danışıqların aktiv mərhələsindəyik. Xəzərin nəhəng imkanları var. Artıq qiymətləndirilib və məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı və imkanları 150 000 meqavatdır. Bu, böyük həcmdir. Eyni zamanda, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq azad etdiyimiz ərazilərdə böyük potensial var. Xüsusilə də Kəlbəcər və Laçında, eləcə də digər ərazilərdə. Biz sadəcə külək və günəş potensialını təxminən 9-10 min meqavat olaraq proqnozlaşdırırıq. Böyük potensialı olan suyu da bura daxil etsək, təxminən 1000 meqavat əlavə həcm olar. Bütün bunlar hökumətimiz tərəfindən hazırda ciddi şəkildə həll edilir”, - Prezident İlham Əliyev vurğulayıb.

Prezident İlham Əliyev: “Bu gün Azərbaycan xarici investisiyalar üçün çox cəlbedicidir”

BP və SOCAR-ın Cəbrayılda günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlarının tezliklə yaxşı nəticələnəcəyinə ümid edirəm.

Bu barədə bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“BP bizim strateji tərəfdaşımızdır və neft-qaz sektorunda aparıcı investorlardan biridir. Mən çox şadam ki, BP alternativ enerjiyə maraq göstərir. Hazırda SOCAR və BP azad edilmiş Cəbrayıl rayonunda 200 meqavat gücə malik günəş elektrik stansiyasının inşasını müzakirə edir. Mən ümid edirəm ki, tezliklə bizim yaxşı nəticələrimiz olacaq”, - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan xarici investisiyalar üçün çox cəlbedicidir: “Dünyada geosiyasi vəziyyətin bir neçə ay əvvəl ilə müqayisədə tamamilə fərqli olduğu bu vacib dövrdə bizimlə çalışmaq istəyən istənilən ölkə və istənilən şirkətlə əməkdaşlığa hazırıq”.

.