İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək.

Bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

Yeni elektrik stansiyasının Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacağını qeyd edən dövlət başçısı deyib: “Yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin”.

Prezident İlham Əliyev vurğulayıb ki, Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

Prezident İlham Əliyev: Yeni elektrik stansiyası ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək

Bu gün Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik.

Bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

“Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir”, - deyə dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidenti: Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu

Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu.

Bu fikri Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində söyləyib.

Dövlət başçısı deyib ki, o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən Mingəçevir Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə atəşə tutmuşdu: “Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi”.

Prezident: Mingəçeviri Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub

Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub.

Bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

Dövlət başçısı qeyd edib ki, Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsi iştirakı ilə açılıb.

.