Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfərə gəlib.

Dövlət başçısı Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.  
İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda "Təbiət”, "Arxeologiya”, "Qafqaz Albaniyası”, "Orta əsrlər”, "Misgərlik”, "XIX əsr”, "Azərbaycan milli geyimləri”, "Ənənəvi ev”, "Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü”, "Azərbaycan müstəqillik dövrü”, "Qarabağ münaqişəsi” adlı bölmələr qurulub. 
Muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyəsi baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə xüsusi diqqət göstərilir. Bu məsələdə Tərtər Tarix-Diyarşünaslıq Muzeyi mühüm rol oynayır. Muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.

Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun da açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
"Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq işləri görülüb, müxtəlif diametrli suötürücü borular tikilib, 14 avtobus dayanacağı yaradılıb. Bundan əlavə, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib.
Prezident İlham Əliyevin bu ilin iyulunda imzaladığı Sərəncama əsasən tikilən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir.
Dövləti başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan prezidenti Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə də tanış olub.
İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.
Yaşayış kompleksindəki məktəblə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir.
Prezident İlham Əliyev məktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.

Azərbaycan prezidenti Tərtər rayonu ərazisində yerləşən "N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Ali Baş Komandan hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir.
Z. Həsənov cəbhədəki əməliyyat şəraiti barədə prezident, Ali Baş Komandan İlham Əliyevə ətraflı məlumat verib.

.