Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonuna səfər edib.

Dövlət başçısı Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə prezident İlham Əliyevə məlumat verib.

İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimdə iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoyub.
Qeyd edək ki, Azərbaycan prezidentinin dünən imzaladığı sərəncama əsasən, Sabirabadda sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.

.