Bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
COP29-un bu istiqamətdə önəmli addım olacağını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağız büzənlər var: “nəyə lazımdır”, “qoyun rahat yaşayaq?”, “yenə tədbir olacaq, yenə qonaq gələcək”. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq önəmli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələrimiz artıq başqa məcrada inkişaf edir”.
Dövlət başçısı: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir
Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir və biz bu hədəfə doğru irəliləyirik.
Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
“2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 21 milyard kubmetr olacaq. 2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resurslar Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var
Biz Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışmışıq və Efiopiyada biz öz səfirliyimizi təsis etmişik ki, həmin qitədə əməkdaşlıq üçün zəmin yarada bilək.
Bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
“Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var”, - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, Qoşulmama Hərəkatında sədrliyimiz bizə Afrika qitəsində olan ölkələrlə praktiki təmaslar qurmağa kömək edib. Bu gün artıq oradan rəsmilər Azərbaycana səfər edirlər. COP29-la bağlı mən dəvətlər göndərdiyini və bir çox Afrika ölkələrinin prezidentlərinin iştiraklarını təsdiqlədiklrini bildirən Prezident İlham Əliyev bunun təmasların qurulması üçün yaxşı fürsət olacağını bildirib.
.