Torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi, prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz.
Bunu Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbulu zamanı deyib.
“Bu, o zamankı ATƏT-in Minsk qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər”, - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirdi ki, bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirirlər: “Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Bütün bunlara baxmayaraq, proses davam edir”.
Azərbaycan Prezidenti vurğulayıb ki, bizim torpaqlar işğal altında olanda - 1992-ci ildən 2020-ci ilədək 28 il vaxt keçirdik və nəticə sıfıra bərabər oldu. İndi isə danışıqlara iki ildir ki, başlanılıb. Ona görə səbrli, realist və son nəticədə Cənubi Qafqazda sülhə nail olunmasına sadiq olmaq lazımdır.
.