Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib.
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə Məlumat verilib ki, Bayraq Muzeyinin inşasına ötən il başlanıb və bu ilin mayında başa çatdırılıb. Ümumi ərazisi 400 kvadratmetr olan muzey binası ikimərtəbəli olmaqla sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Heydər Əliyevin andiçmə mərasimindən fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə, Bayraq Meydanının açılışı mərasimlərində çəkilmiş fotoşəkilləri, poçt markaları, orden və medallar muzeyin ekspozisiyasına daxildir. Bayraq Muzeyi Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılıb və burada hündürlüyü 56 metr olan Dövlət Bayrağı ucaldılıb, ətrafında fəvvarə kompleksi inşa edilib, postamentdə Azərbaycan Respublikasının gerbi, himni, xəritəsi əks olunub.
Azərbaycan Respublikasının Prezidenti Biləsuvar Gənclər Evinin açılışında da iştirak edib.
Dövlət başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsdi.
İnşasına ötən il başlanılan və bu ilin mayında başa çatdırılan Biləsuvar Gənclər Evinin binası iki mərtəbəlidir. Ümumi sahəsi 1200 kvadratmetr olan binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və Prezident İlham Əliyevin Biləsuvar rayonuna müxtəlif illərdə səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bina öz funksionallığı ilə seçilir. Belə ki, burada müxtəlif tədbirlərin keçirilməsi üçün 256 yerlik akt və konfrans zalları yaradılıb. Rəqs zalının, internet kafenin, fotostudiyanın, vətənpərvərlik klubunun, istedadların hazırlığı laboratoriyasının yerləşdiyi Gənclər Evində şahmat, rəsm, dizayn dərnəkləri, xarici dil və danışıq klubu fəaliyyət göstərəcək.
