Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti Gülarə Bayramova Prezidentin (1 mart 2016-ci il) sərəncamı ilə "Əməkdar mühəndis” fəxri adı ilə təltif olunub. Təltifçilər sırasında ölkəmizin ictimai mədəni həyatında, elm və təhsilində səmərəli fəaliyyət göstərən 8 qadının adı yer alıb. 8 mart Beynəlxalq Qadınlar Bayramı ərəfəsində verilən Fəxri adlar qadınlarımız üçün ən gözəl hədiyyə olub. Rektor Mustafa Babanlı "Əməkdar mühəndis” fəxri adı alması münasibəti ilə Gülarə Bayramovanı qəbul edib və ona universitetin kollektivi adından təbriklərini çatdırırb. Rektor Gülarə xanımın timsalında qadınlara verilən fəxri adları dövlətin əməyə verdiyi yüksək qiyməti kimi dəyərləndirib. G.Bayramova rektorla görüşdə Prezidentə xüsusi təşəkkürünü ifadə etməklə yanaşı, məhz ADNSU əməkdaşı kimi fəxri ad almasından qürur duyduğunu və bu adın onun üçün ən gözəl bayram hədiyyəsi olduğunu deyib. Qeyd edək ki, dosent Gülarə Bayramova Azərbaycan Dövlət Universitetinin geologiya fakültəsini əla qiymətlərlə bitirib, təyinatla Milli Elmlər Akademiyasının Geologiya institutunda əmək fəaliyyətinə başlayıb və yüksək ixtisaslı mühəndis kimi 2001-ci ildə Kura Valley - Karasu əməliyyat şirkətində aparıcı geoloq vəzifəsində işləyib. Sonradan ADNSU-nun nəzdində olan "Neftin, qazın geotexnoloji problemləri və kimya” elmi-tədqiqat institutunda elmi fəaliyyətini davam etdirib. Hazırda «Neftin fizikası və böhran halın termodinamikası" problem laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır və eyni zamanda pedoqoji iş aparır. Gülarə xanımın elmi fəaliyyət sahəsi - neft-qaz və qaz yataqları axtarışının geoloji-geofiziki və geokimyəvi amillərinin və üsullarının işlənib hazırlanmasıdır. O, mürəkkəb məsələlərin müstəqil olaraq yüksək elmi və metodik səviyyədə həlli, eləcə də müxtəlif planlı tədqiqatların nəticələrinin ümumiləşdirilməsi bacarığı ilə fərqlənən alimdir. ADNSU-nun əməkdaşları Gülarə xanımı təbrik edərək, Azərbaycan alimlərinin, qadınlarının əməyinə yüksək qiymət verdiyinə görə ölkə prezidentinə minnətdarlığını bildirir.
ADNSU Mətbuat Xidməti


