"Mən sizin hamınızı səmimiyyətlə salamlayıram. Azərbaycanın sədr ölkə kimi irəli sürdüyü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədiyiniz üçün təşəkkürümü bildirirəm. Bu təşəbbüsün irəli sürülməsindən bir neçə gün sonra Zirvə görüşünün təşkili göstərir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulubdur".

Bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

"Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusa Zirvə görüşünə qoşulduğuna görə minnətdarlığımı bildirirəm.

Zirvə görüşünün gündəliyi təqdim olunmuşdur. Gündəliklə bağlı hər hansı təklifiniz yoxdursa, işimizə başlaya bilərik.

Hörmətli həmkarlar, bildiyiniz kimi, keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü Bakıda keçirildi. Azərbaycan bu Zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Dərhal Azərbaycan sədr ölkə kimi fəaliyyətə başladı. Sədrlik etdiyimiz dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstəririk.

Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yaxınlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram.

Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır", - dövlət başçısı bildirib.

İlham Əliyev: "Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir”

"Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və "Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilmişdir. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilmişdir. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur".

"Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

"Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür.

On beş mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilmişdir. Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilmişdir. Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir.

Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılmışdır. Digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları da dayandırılmışdır.

İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilmişdir. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır", - dövlət başçısı əlavə edib.

"Türkdilli ölkələrin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir".

Bunu Prezident İlham Əliyev onun təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündə bildirib.

"Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk 3 ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur", - o qeyd edib.

.