Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin (BMİ) Xaçmaz Rayon Mühafizə Şöbəsinin (XRMŞ) əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri “iş başında” saxlayıblar.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Xaçmaz rayon sakinləri Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər. Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz RMŞ-nın əməkdaşları tərəfindən alınıb və həmin şəxslər saxlanılaraq oğurluq zamanı istifadə etdikləri maddi sübutlarla birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) gətiriliblər.

Dindirilmə zamanı H.Süleymanov və C.Cəbrayılov törətdikləri əməli etiraf ediblər.

Qeyd edilən faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

.