Azərbaycan Respublikasının Rusiya Federasiyasındaki Fövqaladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu Fövqəladə və Səlahiyyətli səfir Fəxrəddin Qurbanovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Yenizaman.az xəbər verir ki, başsağlığı mətnində deyilir:
Fəxrəddin Qurbanovun ailəsinə
Azərbaycan diplomatiyasının tanınmış nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Fəxrəddin Qurbanovun vəfatı ilə əlaqədar Sizlərə dərin hüznlə başsağlığı verir, bu çətin günlərdə səbir və dözüm diləyirəm.
Fəxrəddin Qurbanovun vəfatı təkcə onun yaxınları üçün deyil, bütün Azərbaycan diplomatiyası üçün ağır itkidir. O, uzun bir diplomatik fəaliyyəti dövrü ərzində Xarici İşlən Nazirliyinin sistemində müxtəlif rəhbər vəzifələri tutmuşdur. Ölkəmizin Kanadada ilk Səfiri kimi fəaliyyət göstərmişdir. Sonradan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında və Xorvatiyada Səfir vəzifələrində çalışmışdır. Fəxrəddin Qurbanov, yorulmaz fəaliyyəti, öz xalqına dərin sevgisi, vətənpərvərliyi, yüksək mənəvi keyfiyyətləri sayəsində əsl nümunəvi Səfir olduğunu sübut etmişdir.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə F.Qurbanov diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətə görə ’Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Peşəkar diplomat olmaqla yanaşı, həm də gözəl insan, səmimi və təvazökar şəxs idi. Mən onunla dəfələrlə yol yoldaşı olmuşam, tez-tez zəngləşirdik, yazışırdıq.... Unudulmaz bir insan idi! Onunla ünsiyyətimi daima yüksək qiymətləndirmişəm, həmişə ən xoş və səmimi hisslərlə xatırlayacağam.
Əminəm ki, Fəxrəddin Qurbanovun əziz xatirəsi şəxsən mənim və onu tanıyan hər bir kəsin qəlbində əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin!
Qəbri nurla dolsun!
Polad Bülbüloğlu
.
