MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunan toplantıda çıxış edən fondun həmsədri, Rusiya prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy prezident Vladimir Putinin iştirakçılara təbrik məktubunu oxuyub.
Sonra Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. O, çıxışında millətlərarası münasibətlərin bərpası çağırışını səsləndirərək Azərbaycanın öz ərazi bütövlüyünü və milli maraqlarını heç kəsə güzəştə getməyəcəyini bildirib: "Biz bu gün beynəlxalq münasibətlərdə yeni paradiqmaların şahidi oluruq. Bu gün biz millətçilik və etnik təmizləmə təcrübəsinin dövlət siyasəti səviyyəsinə qaldırıldığını müşahidə edirik. Lakin dəyişməyən şəxsiyyətlərarası və mədəniyyətlərarası əlaqələrimizin səviyyəsidir. Hər növbəti forum ölkələrimizin incəsənət, elm və təhsil xadimlərinin arasında açıq dialoqa, canlı ünsiyyətə ehtiyacın olduğunu göstərir. Əlbəttə ki, biz bir-birimizlə nədəsə razı olmaya bilərik. Bu, yəqin ki, düzgündür. Ola bilməz ki, hamımız eyni cür düşünək. Bu gün ölkələrimizin hər birinin öz milli maraqları var. Əlbəttə ki, heç bir ölkə öz milli maraqlarını və ərazi bütövlüyünü digərinə güzəştə gedən deyil. Lakin yəqin ki, fikir adamlarının çağırışlarının əsasını öz baxışlarını arqumentli şəkildə çatdırmaq və həmin fikirlərin ictimai müzakirəsinə açıq olmaq təşkil edir. Çətinliklər barədə susmamaq, sosial xəstəliklər üçün şəfa reseptini inkişaf etdirmək lazımdır”.
Səfir bu gün terror təzahürlərinin gündən-günə artığı bir dövrdə yaşadığımızı vurğulayıb: "Bütün bu proseslər bizim qitədə, bizə daha yaxın MDB regionunda baş verir. Təəssüflər olsun ki, bu gün orta əsrlərdəkindən daha çox qan axır. Və dünya ictimaiyyəti buna tamamilə sakit reaksiya verir. Ziyalılar sözsüz ki, bu və ya digər şəkildə bu çağırışlara reaksiya verməlidirlər”.
Qeyd edək ki, forumda Azərbaycan nümayəndə heyəti də iştirak edib.
.