"Azərbaycanın və onun nümayəndəsi kimi özümün bu gün qlobal səviyyədə qarşılaşdığımız və YUNESKO-nun səlahiyyətləri sahəsi ilə bağlı ən kəskin problemlərə fəal töhfə vermək bacarığını yüksək qiymətləndirirəm".
Bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru olmaq şanslarını dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın Mədəniyyət Nazirliyinin rəhbəri olduğu dövrdə, eləcə də TÜRKSOY-da fəaliyyət əsnasında böhran meneceri kimi, həmçinin münaqişə vəziyyətlərində humanitar təşəbbüslərin təşəbbüskarı və onları yerinə yetirən şəxs kimi, o, qiymətli təcrübə qazanıb. P.Bülbüloğlunun fikrincə, belə təcrübə və bacarıqlarının olması onun özünü YUNESKO üçün yararlı namizəd hesab etməsinə imkan verir.
"Şans isə bütün layiqli namizədlərdə var. Odur ki, seçkiləri gözləyək", - P.Bülbüloğlu bildirib.
"1997-ci ildən fəaliyyət göstərən Minsk qrupu hələ də lazım olan nəticəni əldə edə bilməyib".
Bu sözləri də Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib. O bildirib ki, BMT TŞ-nin 3 daimi üzvünü özündə birləşdirən format kifayət qədər ciddi görünür: "Məhz bu 3 ölkə nəhəng siyasi yükə və müvafiq təcrübəyə malikdir, Rusiya isə nəinki coğrafi olaraq Cənubi Qafqaza yaxındır, həmçinin bizi ortaq tarixi bağlar birləşdirir. Azərbaycan tərəfi hər zaman bəyan edir ki, münaqişənin həlli istiqamətində lazımi addımlar atmağın vaxtı gəlib çatıb. Azərbaycan torpaqlarının işğalı ilə xarakterizə olunan mövcud status-kvo qəbuledilməzdir. Bu barədə 2009-2013-cü illərdə qəbul olunan bəyanatlarında həmsədr ölkələrin başçıları da qeyd ediblər. Hazırda real nəticələr əldə etmək məqsədilə substantiv danışıqların davam etdirilməsi şəraitini təmin etmək lazımdır. Bir daha qeyd edim ki, danışıqlar predmet xarakterli olmalıdır. Yəni proses deyil, nəticə vacibdir”.
