Sabunçu rayonu Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsinin sakinləri yolsuzluq problemindən əziyyət çəkirlər. Parlament və bələdiyyə seçkilərində namizədlər yolların düzələcəyinə və kanalizasiya sisteminin işləyəcəyi ilə bağlı sakinlərə vəd versələr də yerinə yetirilməyib.
Sakinlərdən "Bizim Yol”a danışan Əli Quliyev bildirib ki, payızda yağış suları qəsəbəni gölməçəyə çevirir, yayda kanalizasiya suları küçələr axıb ətrafı zibilləyir, qışda isə bütün bu problemlər kompleks şəkildə acınacaqlı vəziyyətin yaranması ilə nəticələnir.
Baxımsız yollarda avtomobillərin, piyadaların hərəkətini mümkünsüz edib. Şikayətçinin dediyinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, nəticə olmayıb.
Paytaxtın ətraf ərazilərində bu cür vəziyyət adiləşib. Hökumətin investisiya xərclərinə baxanda ən çox vəsait ayrılan sahələrdən birinin yol tikintisi olduğunu görmək olar. Ancaq bu xərclər yol infrastrukturunu yaxşılaşdırmır.

