Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun iştirakı ilə bağlı yayılmış videoyazı onun beynəlxalq arenada erməni təbliğatının alətinə çevrildiyini göstərir.

Bu barədə "Report"a amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Peter Teys bildirib.

Ekspertin sözlərinə görə, Okampo hələ BCM-də işlədiyi dövrdə (2003-2012-ci illər - red.) "korrupsiyanın təcəssümü" olub.

Teys əlavə edib ki, Okampo uzun illər ərzində erməni lobbisinin sifarişi ilə Azərbaycana və ölkə xalqına qarşı böhtan və dezinformasiya kampaniyası aparıb.

"Okampo verdiyi bəyanatlarda Azərbaycanın suveren ərazisindəki tarixi reallığı dəfələrlə təhrif edib. O, həmçinin erməni diasporunun təbliğat vasitəsi olub və Qərbi Avropa və Latın Amerikasının siyasi məkanında erməni hegemon revanşizmini təmsil edir. Heç bir şübhə yoxdur ki, Luis Moreno Okampo ABŞ-dəki erməni diasporu qruplarının güclü təsiri altındadır və Azərbaycanın dinc sakinlərinə qarşı Xocalı soyqırımını təşkil etmiş və hərbi cinayətlər törətmiş həmin erməni məmurların təbliğat alətidir", - o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "Minval Politika" Okamponun və onun oğlunun siyasi korrupsiyada əli olduğunu sübut edən videomateriallar dərc etmişdi.

.