Rusiya ABŞ-ın sülh planında mümkün dəyişikliklərdən xəbərdardır, lakin Moskva Vaşinqtondan rəsmi olaraq heç nə almayıb.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz ABŞ sülh planının mümkün dəyişikliklərindən və təsdiq edilmiş ifadələrindən xəbərdarıq, lakin rəsmi olaraq heç nə almamışıq. Bu məsələlərlə bağlı heç bir əsaslı müzakirə aparılmayıb. Üstəlik, bu barədə mətbuatdan məlumat əldə edirik”, - Peskov deyib.
O, Rusiya tərəfinin Ankoricdə baş tutan müzakirələrə sadiq qaldığını qeyd edib.
Qeyd edək ki, məzmunu Qərb mediasına sızdırılan plana əsasən, ABŞ və digər ölkələrdən Rusiyanın Krım, Donbas və Ukraynanın güzəştə getməyə məcbur olacağı digər ərazilər üzərində suverenliyini tanımaq tələb olunacaq. Bunun müqabilində Kiyev Amerika və Avropa təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna qoşunlarının çıxarılacağı ərazilərdə silahsızlaşdırılmış zonanın yaradılması gözlənilir. “Axios”un Amerika rəsmisinə istinadən verdiyi məlumata görə, Xerson və Zaporojye bölgələrində münaqişə tərəfləri arasında təmas xətti dondurulacaq və Rusiya bəzi əraziləri Ukraynaya qaytarmağa məcbur olacaq. Ukrayna ordusu əhəmiyyətli dərəcədə azaldılacaq və uzaqmənzilli silahlarını itirəcək. Ölkədə xarici qoşunların yerləşdirilməsi qadağan ediləcək və rus dili rəsmi dil olacaq. “Bloomberg“in xəbərinə görə, ABŞ-ın yeni planına Rusiyaya qarşı sanksiyaların qaldırılması da daxildir.
